AZƏRBAYCAN RESPUBLİKASI DAĞLIQ QARABAĞ BÖLGƏSİNİN AZƏRBAYCANLI İCMASI AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI

Ümumi məlumat

+ -

Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir.

Bu millətçi siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla bu əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.

Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır.

“Böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda  azərbaycanlılara qarşı dəhşətli terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparmışlar.

Belə ki, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalaraq,  öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişlər.

Bununla yanaşı, ermənilər hər zaman azərbaycanlılara məxsus olan tarixi yazıları silmək, Azərbaycan tarixini saxtalaşdırmaq və  və hazırda işğal olunmuş Azərbaycan torpaqlarında bütün maddi-mədəniyyət nümunələrini dağıdıb məhv etməklə öz çirkin niyyətlərindən əl çəkməmişlər.

Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımın əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə, ermənilərin azərbaycanlılara qarşı  zaman-zaman törətdikləri soyqırım ilə əlaqədar  ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir .

Bununla  yanaşı, ümummilli liderin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də erməni millətçiliyinin və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir. 

Son vaxtlar istər Qarabağ, istər İrəvan xanlığının, istərsə də ermənilərin azərbaycanlılara qarşı  zaman-zaman törətdikləri soyqırım ilə əlaqədar müxtəlif dillərdə bir sıra fundamental kitablar nəşr edilmişdir.

Eləcə də, Heydər Əliyev Fondunun Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqmətində gördüyü mühüm işlər, xüsusilə Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kompaniyası dünyanın müxtəlif ölkələrində çox uğurla həyata keçirilir və bir sıra dövlətlər tərəfindən dəstəklənməkdədir.

“Qarabağ Araşdırmalar Mərkəzi”nin yaradılması da, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyətinini daha da canlandırmaq məqsədilə Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində keçirilən tədbirlərin coğrafiyasını genişləndirərək, Ermənistanın beynəlxalq aləmdə ifşa olunmasına nail olmaq üçün bütün qüvvələrimizi birləşdirməyə çalışmaq istiqamətində mühüm bir addım olaraq qiymətləndirilməlidir.

2013-cü il oktyabrın 4-də Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının nəzdində Qarabağ Araşdırmalar Mərkəzinin açılış mərasi keçirilmişdir.

“Qarabağ Araşdırmalar Mərkəzi” Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun və obyektiv şəkildə çatdırılması, eləcə də bu sahədə çalışacaq alimlər və mütəxəssislər üçün elmi mərkəz kimi  Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Qarabağ tarixinin, mədəniyyətinin araşdırılmasında çox mühüm rol oynayacaqdır. Bu məqsədlə  Mərkəzə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında müvafiq yer ayrılmışdır.

Mərkəzdə bir sıra yerli və beynəlxalq ekspertlərin tədqiqat aparması üçün əlverişli şəraitin yaradılması və gələcəkdə digər ölkələrin Elmi Mərkəzləri ilə beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi qarşıya məqsəd olaraq qoyulmuşdur.  

Mərkəzdə tədqiqatçılar üçün yüksək sürətli internet xəttinə çıxışı təmin etmək üçün avadanlıqlar qurulmuş və elektron materiallar üzərində iş şəraiti təmin olunmuşdur. Qarabağla bağlı bütün məlumatları özündə ehtiva edən elektron kitabxananın  yaradılması və elektron materiallar üzərində işi asanlaşdırmaq üçün elektron kataloqun tərtib edilməsi planlaşdırılmışdır.  Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması tərəfindən yaradılmış mərkəz kitab rəfi, komputer və çap avadanlığı, eləcə də digər zəruri avadanlıqlarla təchiz olunmuşdur. Hazırda kitab fondumuzda müxtəlif adda və dillərdə 3 minə yaxın kitab, elekron kitablar və  200 dən çox filmlər  toplanmışdır