AZƏRBAYCAN RESPUBLİKASI DAĞLIQ QARABAĞ BÖLGƏSİNİN AZƏRBAYCANLI İCMASI AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI

Qarabağ Araşdırmalar Mərkəzində Bakı Dövlət Universitetinin tələbələri üçün qısamüddətli kursların növbəti dərsləri başlanmışdır

+ -

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə qısamüddətli kursların növbəti dərsləri başlanmışdır.

AzərTAc xəbər verir ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov kursların keçirilməsinin məqsədlərindən danışmışdır. O, qeyd etmişdir ki, məqsədimiz son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasəti haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır.
Tələbələr qarşısında “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri və mərhələləri” mövzusunda oxuduğu mühazirədə Elçin Əhmədov bildirmişdir ki, erməni millətçilərinin təcavüzkar siyasətinin nəticəsində təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır.
DİA-nın dosenti diqqətə çatdırmışdır ki, XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin xaricdəki himayədarlarının köməkliyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürmüşlər.
Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdikləri bu işğalçılıq siyasəti də kütləvi qırğınlarla müşayiət olunmuşdur. 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfərdən çoxu yaralanmış, 50 min nəfəri isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsil mahiyyəti açıqlanmış, bu hadisələrə siyasi-hüquqi qiymət verilmişdir.
Bununla yanaşı, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıbdır və olmayacaqdır” fikrini dəfələrlə irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərtilə münaqişənin ədalətli şəkildə həll ediləcəyinə olan ümidləri daha artırmışdır.
Mühazirəçi demişdir ki, biz də həmişə olduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin apardığı bu siyasəti müdafiə edərək, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində keçirilən tədbirlərin coğrafiyasını genişləndiririk. Bununla yanaşı, bu kursların keçirilməsinin ideyası da məhz gənclərin mariflədirilməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, eləcə də Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir.
Elçin Əhmədov bildirmişdir ki, Ermənistanın beynəlxalq aləmdə ifşa olunmasına nail olmaq üçün bütün qüvvələrimizi birləşdirərək bundan sonra da daha çox çalışmalı və Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Azərbaycanın üçrəngli bayrağının Şuşada, Xankəndidə və işğal olunmuş digər torpaqlarımızda dalğalanmasına nail olmalıyıq.
Qeyd edək ki, mayın 8-dək davam edəcək kursların hazırkı dinləyiciləri Bakı Dövlət Universitetinin tələbələridir. Kursların sonunda dinləyicilərə müvafiq sertifikatların verilməsi nəzərdə tutulmuşdur.