AZƏRBAYCAN RESPUBLİKASI DAĞLIQ QARABAĞ BÖLGƏSİNİN AZƏRBAYCANLI İCMASI AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI

Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə növbəti qısamüddətli kurslara yekun vurulmuşdur

+ -

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə növbəti qısamüddətli kurslara yekun vurulmuşdur.

Kursların budəfəki dinləyiciləri Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbələri olmuşlar.

Qısamüddətli kurslarda “Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri” mövzusunda sonuncu mühazirəni “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov oxumuşdur. O, Ermənistanın işğalçılıq siyasətindən geniş danışaraq mövzunun Şuşanın işğalı gününə təsadüf etdiyi üçün bildirmişdir ki, bir vaxtlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri bu gün Ermənistan silahlı qüvvələrin işğalı altındadır. Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirək demişdir: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

Mühazirəçi, həmçinin bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevin qəti mövqeyini kursun dinləyicilərinə çatdırmışdır. Dövlətimizin başçısı bu gün danışıqlar masası üzərində bütün işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması və məcburi köçkünlərin öz doğma ev-eşiklərinə qayıdışı məsələlərinin mövcudluğunu bildirərək bəyan etmişdir ki, Dağlıq Qarabağın azərbaycanlı əhalisi oraya, o cümlədən Şuşaya qayıtdıqdan sonra status məsələsi müzakirə oluna bilər. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

Aprelin 28-dən başlayan iki həftəlik kurslarda AMEA Tarix İnstitutunun professoru, tarix elmləri doktoru Kərim Şükürov “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, AMEA-nın Tarix İnstitutunun Qarabağ şöbəsinin böyük elmi işçisi Nazim Mustafa “XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)”, AMEA Şərqşünaslıq İnstitutunun professoru, tarix elmləri doktoru Solmaz Tohidi-Rüstəmova “Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları (1918-1923-cü illər)”, Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı “Sovet dövründə Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və onun nəticələri (1945-1985)”, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin üzvü, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov “Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti. Qaradağlı soyqırımı” mövzularda proqram üzrə mühazirələr oxumuşlar.

Kursların sonunda dinləyicilərə müvafiq sertifikatlar təqdim edilmişdir.