AZƏRBAYCAN RESPUBLİKASI DAĞLIQ QARABAĞ BÖLGƏSİNİN AZƏRBAYCANLI İCMASI AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI

Moldovalı ombudsman Aureliya Qriqoriu Qarabağ Araşdırmalar Mərkəzində olmuşdur

+ -

Azərbaycanda səfərdə olan moldovalı ombudsman “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində və Qarabağ Araşdırmalar Mərkəzində olmuşdur. Moldovalı ombudsman Aurelia Qriqoriu Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşdur.

“BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq, Ermənistan hələ də Azərbaycan ərazilərini işğal altında saxlayır”. Bu fikirləri “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin sədri Bayram Səfərov Aurelia Qriqoriu ilə görüşdə demişdir.
“Xocalı soyqırımı ilə bağlı bəzi dövlətlər və beynəlxalq təşkilatlar iyirmi bir il ərzində susmuş, ikili mövqe nümayiş etdirsə də, moldovalı ombudsman İrəvanda rəsmi tribunadan tarixi həqiqətləri söyləməkdən çəkinməmişdir” - deyən Bayram Səfərov bildirmişdir ki, xanım Aurelia Qriqoriu təcavüzkar ölkədə Azərbaycanın haqlı mövqeyini səsləndirməklə bir daha Ermənistanın işğalçı olmasını dünyaya sübut etmişdir.
B.Səfərov qeyd etmişdir ki, A.Qriqoriu özündə cürət tapıb o sözləri Ermənistanda söyləmişdir. Dediyi sözlərin müqabilində moldovalı ombudsman Ermənistanda qeyri-insani hərəkətlərlə üzləşmişdir. Azərbaycanda isə A.Qriqoriu xalqımızın mədəniyyətinin şahidi olmuşdur.
Milli Məclisin deputatları Elman Məmmədov və Rövşən Rzayev da moldovalı ombudsmanın Ermənistandakı çıxışından danışmışlar. Azərbaycanın dost mövqeyini ombudsmana çatdıran Milli Məclisin deputatları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu və beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduqlarını vurğulamışlar.
Milli Məclisin deputatı Rövşən Rzayev bildirmişdir ki, A.Qriqoriu görüşdə dünyada mövcud olan ikili standartlar haqqında fikirlərini, özünün bu barədə qətiyyətli mövqeyini, beynəlxalq hüquq prinsiplərinə arxalanmasını və böyük dövlətlərin bu münaqişəyə daha da diqqətlə yanaşmasının tərəfində olduğunu demişdir.
A.Qriqoriu isə Xocalı soyqırımı ilə bağlı çıxışına görə nəinki İrəvanda, Moldovada da çoxsaylı təzyiqlərə məruz qaldığını, amma buna baxmayaraq, bir hüquq müdafiəçisi kimi sonadək mövqeyindən geri çəkilməyib üzərinə düşən vəzifəni şərəflə icra etdiyini diqqətə çatdırmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin daim diqqətdə saxlanılacağını deyən xanım A.Qriqoriu vurğulamışdır ki, bundan sonra da bütün beynəlxalq konfranslarda da Azərbaycanın haqlı mövqeyi dünya ictimaiyyətinə çatdırılacaqdır.
Tədbirdə erməni terrorundan söhbət açan film nümayiş olunmuşdur.
Moldova ombudsmanı Aurelia Qriqoriu demişdir ki, mən məlum məruzəmi hazırlayanda erməni terroru ilə bağlı kifayət qədər məlumat toplamışdım. Həmin məlumatlar da məruzəmdə yer almışdı. Təsəvvür edirsiniz çıxışım zamanı zalda olan bir çox nümayəndə heyəti çaşqınlıq içində idilər. Çünki onlar Dağlıq Qarabağ münaqişəsi barədə kifayət qədər məlumatlı deyildilər. Mənim çıxışımda məqsəd bu münaqişəyə bir daha diqqəti yönəltmək idi və hesab edirəm ki, məqsədimə nail oldum.
Görüşdə moldovalı ombudsman “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi tərəfindən diplomla təltif olunmuşdur.
Sonra qonaq Azərbaycan Respublikasının Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı Qarabağ Araşdırmalar Mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur.