AZƏRBAYCAN RESPUBLİKASI DAĞLIQ QARABAĞ BÖLGƏSİNİN AZƏRBAYCANLI İCMASI AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI

Mediaforum (15.05.2014) - Dövlət mükafatına təqdim olunmuş kitab müzakirə edilib

+ -

Mayın 15-də Dağlıq Qarabağın azərbaycanlı icmasının Bakıdakı mərkəzi qərargahında Dövlət Mükafatına təqdim edilmiş “Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011)” kitabının ictimai müzakirəsi keçirilib. Tədbirdə danışan icma rəhbəri Bayram Səfərov deyib ki, “Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011)” kitabı İdarə Heyətinin 5 mart 2014-cü il iclasında geniş müzakirə olunub və Azərbaycan elminin inkişafına mühüm töhfə kimi Dövlət Mükafatına təqdim olunması qərara alınıb. İcma Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası qarşısında vəsatət qaldırıb.

Bayram Səfərov qeyd edib ki, təqdim edilən əsər müasir dövrdə Dağlıq Qarabağ münaqişəsi ilə daha yaxından tanış olmaq istəyən hər bir kəsdə real təsəvvür yaradaraq son 25 ildə Ermənistanın təcavüzü ilə bağlı aparılan tədqiqatların kompleks şəkildə öyrənilməsi işinə sanballı töhfədir.

Müzakirələrdə deputatlar Elman Məmmədov, Bəxtiyar Sadıqov, Aydın Mirzəzadə, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və başqaları əsəri Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı sistemli şəkildə yazılmış salnamə kimi qiymətləndiriblər. Bildirilib ki, əsər Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədovun uzunmüddətli tədqiqatlarının nəticəsi olmaqla yanaşı Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətinin də göstəricisidir. Bu baxımdan kitabın Dövlət Mükafatına təqdim edilməsi yüksək qiymətləndirilib.