AZƏRBAYCAN RESPUBLİKASI DAĞLIQ QARABAĞ BÖLGƏSİNİN AZƏRBAYCANLI İCMASI AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI

“Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika” kitabının ictimai müzakirəsi keçirilmişdir

+ -

Mayın 15-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin qərargahında Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatına təqdim edilmiş “Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011)” kitabının ictimai müzakirəsi keçirilmişdir. 

AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov çıxış edərək müzakirəsi keçirilən kitabın tariximizi öyrənilməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulamışdır.
Bildirilmişdir ki, bu sanballı nəşrdə erməni millətçiliyinin mahiyyəti, xalqımıza qarşı əsrlər boyu qanlı qırğınlarla müşayiət olunan soyqırımı cinayətləri və təcavüzünün XX əsrin sonu - XXI əsrin əvvəllərində də davam etməsi və bunun təkzibolunmaz faktlar əsasında təhlili, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi dövlət terrorizmi siyasəti geniş təhlil edilmişdir.
Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatına təqdim edilmiş əsərin “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Böyük Elmi Şurasının qərarı ilə nəşr olunduğu diqqətə çatdırılmışdır.
Məlumat verilmişdir ki, “Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika” əsərinin müəllifi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin müdiri Elçin Əhmədovdur. Kitabın elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov, rəyçisi tarix elmləri doktoru, professor Musa Qasımlı, məsləhətçisi isə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, icma rəhbəri Bayram Səfərovdur.
Tədbirdə Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Aydın Mirzəzadə, Elman Məmmədov və başqaları çıxış edərək kitabın tariximizin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıdığını söyləmiş və bu əsərin Dövlət Mükafatına təqdim olunmasını təqdirəlayiq hal kimi qiymətləndirmişlər.
Bildirilmişdir ki, hadisə və proseslərin xronoloji ardıcıllıqla təhlil edildiyi kitabda ümummilli lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq təşkilatların ən yüksək səviyyədə keçirilən zirvə toplantılarındakı çıxışları, nitqləri və bəyanatlarının şərhi verilmişdir. Bu da münaqişənin nizama salınması istiqamətində Azərbaycan dövlətinin mövqeyinin dünyaya daha dolğun və obyektiv çatdırılması baxımından əhəmiyyətlidir. Bununla yanaşı, kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair aparılan danışıqların xronoloji təhlili, azərbaycanlıların soyqırımının tanıdılması, erməni millətçilərinin cinayətkar əməlləri, eləcə də Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının ifşa edilməsi istiqamətində həyata keçirilən tədbirlər, qəbul edilən qərarlar da təhlil edilmişdir.
Çıxışlarda vurğulanmışdır ki, müasir dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə daha yaxından tanış olmaq istəyən hər bir kəsdə real təsəvvür yaradan bu monoqrafiya son 25 illik tariximizdə Ermənistanın ölkəmizə təcavüzü ilə bağlı aparılan tədqiqatların kompleks şəkildə öyrənilməsi işinə sanballı töhfədir, gələcək tədqiqatlarda onun dolğun və dəqiq informasiya daşıyıcısı kimi mühüm rolu olacaqdır.
Natiqlər, üzün illərin zəhmət hesabına hazırlanaraq çap olunmuş bu kitabın Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatına layiq görüləcəyinə ümidvar olduqlarını vurğulamışlar.
Sonda bu əsərin ərsəyə gəlməsinə dəstək verənlərə minnətdarlığını bildirən E.Əhmədov tariximizin gənc nəslə çatdırılması istiqamətində bundan sonra da əlindən gələni əsirgəməyəcəyini söyləmişdir.