AZƏRBAYCAN RESPUBLİKASI DAĞLIQ QARABAĞ BÖLGƏSİNİN AZƏRBAYCANLI İCMASI AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI

Elçin Əhmədov: Ermənistanda siyasi, sosial-iqtisadi və demoqrafik böhran dərinləşir

+ -

Ermənistanın işğalçı, təcavüzkar siyasəti nəticəsində regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi bu ölkə daxilində mövcud olan böhranın son vaxtlar daha da dərinləşməsini şərtləndirib. Ermənistan ciddi siyasi, sosial-iqtisadi və demoqrafik böhranla üz-üzə qalıb. Bununla yanaşı, hakimiyyətdə olan cinayətkar, kriminal rejimin qəbul etdiyi qərarlar vətəndaşların geniş etirazına səbəb olmaqla yanaşı, xaos və qarşıdurmalara da rəvac verib. Hakimiyyət manevrləri davam etdirməyə çalışsa da, Ermənistan faktiki olaraq iflasın astanasındadır. Eyni zamanda, Ermənistanın sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması nəticəsində ortaya çıxan problemlər hakimiyyətlə xalq arasında ciddi qarşıdurmaya zəmin yaradır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov Ermənistandakı siyasi, sosial-iqtisadi vəziyyəti şərh edərkən bildirib.

E.Əhmədov deyib: Hazırda bütün sahələrdə iflasa uğrayan Ermənistanın dövlət borcu rekord səviyyəyə çatıb. Ermənistan Mərkəzi Bankının hesabatına əsasən ölkənin xarici borcu gəlirləri 60 faiz üstələyir. Bu isə son 10 il üçün ən böyük göstərici hesab olunur. Bu baxımdan hökumət yaranan problemləri həll etmək iqtidarında deyil. Çünki Ermənistan tamamilə iflasa uğrayıb və borc içində olan ölkənin rəhbərliyi nə edəcəyini bilmir. Son rəsmi məlumatlara əsasən, ölkənin ümumi borcu 5 milyard dollara yaxındır. 2015-ci ilin birinci rübündə Ermənistanın dövlət borcu ümumi daxili məhsulu 52,8 faiz, xarici borcu isə 44,9 faiz üstələyib. Elektrik enerjisinin tariflərinin artırılmasından sonra isə əhalinin hakimiyyətə inamı tamamilə itib. Bu hal əhalinin yaşayış səviyyəsinin daha da pisləşməsi deməkdir. Ermənistanda cari ildə də iqtisadi göstəricilər yaxşıya doğru dəyişməyib. Nəticədə yoxsulluq səviyyəsi bir qədər də artıb və bunun yaxşılığa doğru dəyişməsi də gözlənilmir. Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması heç bir müsbət effekt verməyib, əksinə, mənfi təsir edib. Ermənistanın Gömrük İttifaqına üzv olması isə başqa ölkələrlə ticarət əlaqələrini daha da məhdudlaşdırıb. Bu səbəbdən Ermənistanda iqtisadi tənəzzül davam edir, cari ildə inflyasiya daha da artacaq və böhranın hələ uzun müddət davam edəcəyi proqnozlaşdırılır.

Bu səbəbdən “Ayağa qalx, Ermənistan” vətəndaş hərəkatının fəalları 2 aydan çoxdur ki, ölkə rəhbərliyinin bu yarıtmaz siyasətinin əleyhinə nümayişlər keçirir. Sosial problemlər fonunda təşkil edilən aksiyalar nəticəsində Ermənistanda ictimai-siyasi vəziyyət gündən-gündən daha da ağırlaşır. Elektrik enerjisinin qiymətlərinin artmasına etiraz olaraq keçirilən mitinqlər artıq əhatə dairəsini genişləndirməkdədir. Belə ki, etiraz aksiyaları davam etdikcə iqtisadi tələblər siyasi tələblərlə əvəz olunur. Yerevanda mitinqin amansızlıqla dağıdılması zamanı saxlanılan jurnalistlər arasında “Aykakan jamanak” qəzetinin, “NETQ” nəşrinin, news.am, panarmenian.net saytlarının əməkdaşları da vardır. Bundan başqa, onlarla aksiya iştirakçısı da saxlanılıb. Ermənistan mətbuatında kütləvi toqquşmalarda xəsarət alanlar barədə xəbərlər də var, polis zorakılığı Yerevan küçələrində adi hala çevrilib. Buna baxmayaraq, mitinqlərdə iştirakçıların sayı get-gedə artmaqdadır. Etirazçılar daha geniş miqyasda aksiyalar keçirəcəklərini bildirirlər. Artıq, “Ayağa qalx, Ermənistan!” vətəndaş hərəkatı avqustun 21-də növbəti ümumxalq mitinqi keçirməyə qərar verib. Bu məqsədlə ictimaiyyətə sosial şəbəkələr vasitəsi ilə çağırışlar edilib, onlar hər bir vətəndaşı Ermənistan hakimiyyətinin yürütdüyü bu siyasətə qarşı birləşməyə çağırıblar.

Ermənistanda dərin sosial-iqtisadi tənəzzül hakimiyyətlə xalq arasında uçurumu genişləndirməklə yanaşı, sosial gərginliyin artmasını şərtləndirib. Ermənistan Dövlət Statistika Xidmətinin məlumatına görə, yanvar ayından etibarən ərzaq məhsullarının qiyməti sürətlə qalxıb. Son bir ayda qiymətlər ümumilikdə 5,6 faiz artıb. Bu, ölkə iqtisadiyyatının iflası kimi dəyərləndirilir. Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, Ermənistan sosial inqilab astanasındadır.

Ermənistandakı bu dözülməz vəziyyət nəticəsində işğalçı ölkəni tərk edənlərin sayı da artmaqdadır. Ermənistan Miqrasiya Xidmətinin verdiyi rəsmi məlumata görə, 2015-ci ilin əvvəlindən ölkəni 12 min nəfər tərk edib. Amma qeyri-rəsmi rəqəmlərə görə bu, deyildiyindən dəfələrlə çoxdur. “Armenia today” yazır ki, son bir il ərzində Ermənistandan köçənlərin sayında artım müşahidə edilməkdədir. Əhalinin ölkəni tərk etməsinin səbəbləri əvvəlki illərdəki kimi dəyişməz olaraq qalır. İnsanlar səfalətdən, hüquqsuzluqdan, işsizlikdən, hakimiyyət orqanlarının özbaşınalığından, rüşvət və korrupsiyadan can qurtarmaq üçün ölkəni tərk edirlər. Mövcud demoqrafik problemlər sosial kataklizmləri daha da sürətləndirib. Ölkənin sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər siyasi, iqtisadi resurslara malik olmaması isə demoqrafik problemlərin hakimiyyətlə xalq arasında ciddi qarşıdurmanı şərtləndirməsinə zəmin yaradıb.

Bundan əlavə, Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə və təcavüzkar siyasətindən əl çəkmədiyinə görə faktiki olaraq Xəzər dənizinin neft və qaz ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən kənarda qalıb. Azərbaycan ərazilərinin işğal edilməsi və Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları bu ölkəni tam maliyyə böhranı və regionda təcrid olunmuş vəziyyətinə gətirib çıxarıb. Ölkənin büdcəsi demək olar ki, boşdur. Ermənistanı aclıqdan xilas edən ancaq erməni diasporunun və ABŞ Konqresinin mütəmadi maliyyə yardımıdır. Dərin iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirib. Bu baxımdan, xaricdən gələn ianələrə bel bağlayan işğalçı ölkənin gələcəyinin də qeyri-müəyyən olduğunu qeyd etmək mümkündür.

Bu gün Ermənistanın korrupsiyaya qurşanmış avtoritar, dilənçi vəziyyətində bir ölkə olması danılmaz faktdır. Ermənistan gəncləri onları öz vətənində dilənçi kimi yaşamağa məcbur etmiş iqtidarı lənətləyərək xarici ölkələrə həmişəlik köçürlər. Çünki torpaqları işğal altında saxlamaqla Ermənistan özünü Azərbaycan və digər qonşu ölkələrlə regional əməkdaşlıqdan məhrum edib və bunun nəticəsi Ermənistandakı köklü yoxsulluqdur. Ermənistan əhalisinin 50 faizdən çoxu yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Beləliklə, bu, məhz həmin siyasətin, təcavüzün və işğalın nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə erməni xalqının özünün kriminal diktatura rejimindən əziyyət çəkdiyini bildirərək deyib: “Bu rejim erməni xalqını elə pis vəziyyətə salmışdır ki, o vəziyyətdən çıxmaq üçün bəlkə 100 il vaxt lazım olacaq”.

Bu faktı da qeyd etmək vacibdir ki, etnik təmizləmə nəticəsində hazırda Ermənistan mono-etnik, yəni milli azlıqların yaşamadığı dövlətə çevrilib. Bununla yanaşı, bu gün özünü təcrid vəziyyətinə salmış Ermənistan əhalisinin sayı durmadan azalır. BMT İnkişaf Proqramının himayəsi altında çap olunmuş İnsan Potensialının İnkişafı haqqında məruzədə göstərilir ki, hər il Ermənistanı 23-27 min adam tərk edir. XX əsrin 80-ci illərinin sonunda 3,7 milyon əhalinin yaşadığı Ermənistanda əhalinin 1,5 milyondan çoxu (ümumi əhalinin 40%-i) müstəqillik dövründə aclıq, işsizlik, səfalət ucbatından xarici ölkələrə mühacirət edib və bu proses indi də davam etməkdədir.

Bununla yanaşı, münaqişənin nizamlanmaması ilk növbədə Ermənistandakı cinayətkar və kriminal rejimimə - Qarabağ klanına sərf etmir. Mövcud status-kvonun dəyişməsi, yəni, Azərbaycan ərazilərinin işğaldan azad olması bu klanın həyati maraqlarına uyğun gəlmir. Bu vəziyyətdən, yəni, Ermənistanın cinayətkar rejiminin başında duranlar, xüsusilə forpost, marionetka dövlətin “siyasi elitası” Azərbaycan ilə münaqişədən öz mənafeyi üçün istifadə edir. Hakimiyyət orqanları sosial etirazların təzyiqi ilə üzləşdikdə guya Azərbaycan tərəfindən hərbi əməliyyatlara başlanması üçün əlverişli şərait yaranmasında ölkəmizi təqsirləndirirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun birgə mətbuat konfransında Ermənistanın cinayətkar rəhbərinin Azərbaycanı demokratiyanın pozulmasında, Ermənistana qarşı təcavüzkarlıqda ittiham etməsi kimi sərsəm bəyanatlarına cavab olaraq dövlətimizin başçısı deyib: “Bu, tamamilə gülüncdür. Çünki ola bilsin ki, Sarkisyan demokratiya haqqında danışmalı olan ən sonuncu adamdır. 2008-ci ildə özündən əvvəlki prezident tərəfindən Ermənistanın başçısı kimi təyin olunan, seçkiləri saxtalaşdıran, sonra ordudan istifadə etməklə dinc etiraz aksiyasını yatıraraq 10 insanın qətlinə səbəb olan şəxsin istənilən ölkədə demokratiya haqqında danışmağa heç bir mənəvi haqqı yoxdur. Azərbaycan və Ermənistanın, əgər bunu belə söyləmək olarsa, tərəzinin eyni gözünə qoyulması ilə əlaqədar ittihama gəldikdə isə bu ittiham Azərbaycan tərəfindən irəli sürülsəydi daha təbii olardı. Çünki biz beynəlxalq ictimaiyyətin təcavüzkar və onun qurbanları arasında çox aydın fərq qoymalı olduğunu hesab edirik”.

Bununla yanaşı, dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olduğunu diqqətə çatdıraraq qeyd etdi ki, “…Necə olur ki, dünyada əhalisinin 99 faizinin bir millətin nümayəndələrinə aid olan ölkədə - Ermənistanda ksenofobiya haqqında hekayədən danışırlar. Nə üçün digər millətlərin nümayəndələri orada özlərinə yer tapa bilmirlər? Lakin Azərbaycan öz ərazisində çoxlu etnik qrupların nümayəndələrinin və müxtəlif dini etiqadı olan insanların yaşaması tarixindən bu gün də qürur duyur. Ölkəmiz bu gün bütün dinlərin və etnik qrupların nümayəndələri üçün bir evdir. Bu gün qlobal miqyasda Azərbaycan müxtəlif din və etnik qrup nümayəndələrinin sülh şəraitində birlikdə yaşamasının yaxşı nümunəsidir. Buna görə də qurban və təcavüzkar arasında fərq qoyulmalıdır. Təcavüzkar məsuliyyətə cəlb edilməlidir”.

Ermənistan hakimiyyətini qəsb etmiş cinayətkar rejimin başında duranlar münaqişənin nizama salınması prosesində ölkəmizi güzəştə getməməkdə ittiham edirlər. Ancaq bu gün torpaqlarına təcavüz edildikdən və ərazisi işğala məruz qaldıqdan sonra da danışıqlar prosesində Azərbaycanın iştirak etməsinin özü təcavüzkar dövlət üçün elə ən böyük güzəşt deməkdir. Belə olan halda Ermənistanın qeyri-konstruktiv mövqeyi və təcavüzkar siyasəti Azərbaycanı münaqişənin nizamlanması üçün digər variantlar axtarmağa məcbur edir. Ermənistanın cinayətkar, kriminal diktatura rejimi ölkədəki siyasi, sosial-iqtisadi və demoqrafik böhrandan daim fikri yayındırmaq məqsədilə sərhəddə və qoşunların təmas xəttində təxribatlar törədir. Son hadisələr, eləcə də təcavüzkar dövlətin mütəmadi olaraq ərazilərimizi atəşə tutmaqla törətdiyi diversiya hərəkətləri və buna Azərbaycanın tutarlı cavab verməsi düşməni vahimə içində saxlamaqla yanaşı, qüdrətli ordumuzun işğal edilmiş ərazilərimizin hərbi yolla qaytarmağa hazır olmasını bir daha təsdiq edir.

Ancaq 20 ildən çoxdur ki, təcavüzkar Ermənistan aparılan danışıqlar prosesində həmişə qeyri-konstruktiv mövqedən çıxış edərək hər dəfə bu prosesi süni surətdə uzatmağa çalışır. Lakin Azərbaycanın ərazi bütövlüyünün heç vaxt aparılan danışıqların mövzusu olmadığını və bundan sonra da olmayacağını daim vurğulayan Prezident İlham Əliyev deyib: “Biz danışıqları sadəcə olaraq danışıqlar naminə aparmayacağıq. Danışıqların imitasiyası ilə məşğul olmaq üçün Ermənistana imkan verməyəcəyik. Biz o vaxta qədər danışıqlar aparacağıq ki, ərazi bütövlüyümüzü bu yolla bərpa edə biləcəyimizə ümidimiz qalacaqdır. Əgər görsək ki, bu, mümkün deyil, onda Azərbaycan dövləti hərbi yoldan istifadə edərək öz ərazi bütövlüyünü bərpa edəcəkdir”.