AZƏRBAYCAN RESPUBLİKASI DAĞLIQ QARABAĞ BÖLGƏSİNİN AZƏRBAYCANLI İCMASI AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI

Elçin Əhmədov “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri seçilmişdir

+ -

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında 2014-cü ilin ilin yekunlarına dair hesabat iclası keçirilmişdir.

İclası açan “Azərbaycan Respublikası Dağlıq Qarabağ BölgəsininAzərbaycanlı İcması” İctimai Birliyinin  İdarə Heyətinin  sədri, İcma rəhbəri Bayram Səfərov il ərzində görülən işlər barədə məlumat vermişdir. O bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahının  açılışında iştirakı və söylədiyi fikirlər icmanın fəaliyyətinin əlaqələndirilməsi və bu sahədə həyata keçirilən işlərin səmərəsinin daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Dövlət başçısı tərəfindən Daqlıq Qarabağın Azərbaycanlı İcmasına göstərilən qayğı və diqqət, icmanın qarşısında duran vəzifələrin həyata keçirilməsi işinə stimul vermiş və bu istiqamətdə İctimai Birlik öz fəaliyyətini genişləndirərək, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə, eləcə də təcavüzkarın ifşası istiqamətində Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirlikləri və beynəlxalq qurumların nümayəndələri ilə müntəzəm olaraq görüşlər keçirir.

Bununla yanaşı, icma rəhbəri bildirmişdir ki, 2014-cü il əzində nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması ayrı-ayrı vaxtlarda beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, eləcə də dünya ictimaiyyətinə ünvanlanmış müraciətlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həll edilməsi üçün ardıcıl səylərin göstərilməsi qeyd edilmiş, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən məcburən köçkün düşmüş azərbaycanlı əhalisinin bu çağırışına onların biganə qalmayacağı, münaqişənin ədalətli həlli üçün daha qətiyyətli və prinsipial mövqe tutacaqları öz əksini tapmışdır. 

Bu baxımdan, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Qanlı 20 yanvar hadisələri, ermənilərin Xocalıda və Qaradağlıda törətdikləri soyqırımıları, 31 mart - Azərbaycanlıların soyqırımı günü, Şuşanın və digər Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar xarici ölkələrin parlamentlərinə, beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə etdiyi müraciətlərdə, Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları və hərbi təcavüzü haqqında daha dolğun təsəvvür yaratmaq  və onları bu məsələyə biganə qalmamağa çağırış öz əksini tapmışdır.

Hesabat iclasında Qarabağ Araşdırmalar Mərkəzinin  rəhbəri  Elçin Əhmədov “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyin Əlaqələndirmə Şurasının sədri seçilmişdir.

Elçin Əhmədov çıxışında 2015-ci ilin ildə İctimai Birliyinin fəaliyyət istiqamətlərindən danışaraq icmanın həm respublikamızda, həm də xarici ölkələrdə həyata keçirəcəyi tədbirlər, eləcə də qarşıda duran vəzifələr haqqında İdarə Heyəti üzvlərinə ətraflı məlumat vermişdir.

O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə qısamüddətli kursların keçirilməsinin məqsədlərindən danışaraq qeyd etmişdir ki, məqsəimiz son  iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bununla yanaşı, bu kursların keçirilməsinin ideyası  gənclərin mariflədirilməsi və  vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, eləcə də Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dovlətinin apardığı mühüm işlərə töhvə verməkdir. Bundan əlavə, O, Qarabağ Araşdırmalar Mərkəzində 2015-cü ildə də ali məktəb tələbələri üçün Qarabağ həqiqətləri haqqında qısamüddətli kursların davam etdiriləcəyi və respublikanın bütün İctimai Birlik  və strukturlarının gənclərinin də bu işə cəlb ediləcəyini bildirdi.

Bununla yanaşı, Elçin Əhmədov qeyd etmişdir  ki, 2014-cü ildə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəsmi saytı olan www.karabakh.az yenidən qurulmuş və təkmilləşdirilmişdir. Qarabağ Araşdırmalar Mərkəzinin www.qam.az və özündə Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin  müxtəlif aspektlərini əks etdirən filmlərdən ibarət www.the real stories of karabakh.com adlı saytları yaradılaraq istifadəyə verilmişdir.

O, bildirmişdir ki, Xocalı soyqırımın tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr vermiş və bu proses genişlənməkdə davam edir. Heç şübhəsiz, bütün bunlar Azərbaycan dövlətinin apardığı səmərəli təbliğat işinin nəticəsidir və Ermənistanın ölkəmizə qarşı təcavüzünün dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan ərazi bütövlüyü  danışıqların mövzusu deyil, olmayıbdır və olmayacaqdır” fikrini dəfələrlə irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərtilə  münaqişənin ədalətli şəkildə  həll olunacağına olan ümidləri daha artırmışdır. Biz də hər zaman olduğu kimi, Azərbaycan dövlətinin apardığı bu siyasəti müdafiə edərək, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində keçirilən tədbirlərin coğrafiyasını daha da genişləndirməli və dövlət başçısının Azərbaycan alimləri, ziyalıları və diplomatları qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı - hücum diplomatiyasını yaddan çıxarmamalı, Ermənistanın təcavüzkar siyasətinin bütün dünyada ifşa olunmasına nail olmalıyıq.

Hesabat məruzələrindən sonra İctimai Birliyin idarə heyətinin üzvləri Milli Məclisin deputatları Elman Məmmədov və Rövşən Rzayev, Xocavənd rayon İcra hakimiyyətinin başçısı Eyvaz Hüseynov və başqaları çıxışlarında ötən dövr ərzində qurumun fəaliyyətini müsbət qiymətləndirdilər. Toplantıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulamışdır. Çıxışlarda, həmçinin icmadaxili və beynəlxalq ictimaiyyət arasında daha səmərəli genişmiqyaslı fəaliyyətin qurulması məqsədilə yeni fəaliyyət istiqamətlərinin vacibliyi diqqətə çatdırılmış və sonda İctimai Birliyinin 2015-ci il üçün perspektiv    fəaliyyət    planını müzakirə və təsdiq olunmuşdur.