AZƏRBAYCAN RESPUBLİKASI DAĞLIQ QARABAĞ BÖLGƏSİNİN AZƏRBAYCANLI İCMASI AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI

AzərTAc (26.05.2014) - Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün Qarabağ həqiqətləri ilə bağlı qısamüddətli kursların növbəti dərslərinin keçirilməsinə başlanmışdır

+ -
Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün Qarabağ həqiqətləri ilə bağlı qısamüddətli kursların növbəti dərslərinin keçirilməsinə başlanmışdır.
 
26.05.2014 [19:13]

Bakı, 26 may (AzərTAc). Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə qısamüddətli kursların növbəti dərsləri başlanmışdır.
AzərTAc xəbər verir ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, DİA-nın dosenti Elçin Əhmədov kursların keçirilməsinin məqsədlərindən danışmışdır. O, qeyd etmişdir ki, məqsədimiz son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır.
Elçin Əhmədov “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri və mərhələləri” mövzusunda oxuduğu mühazirədə bildirmişdir ki, erməni millətçilərinin təcavüzkar siyasətini nəticəsində təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906, 1918-1920, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır.
Diqqətə çatdırılmışdır ki, XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin xaricdəki himayədarlarının köməkliyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürmüşlər. Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdikləri bu işğalçılıq siyasəti də kütləvi qırğınlarla müşayiət olunmuşdur. 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfərdən çox soydaşımız yaralanmış, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Eyni zamanda, 1988-1994-cü illərdə dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan tərəfindən, ümumilikdə, müxtəlif səpkili 373 terror aktı törədilmişdir. Bu qanlı terror aktları nəticəsində 1200 nəfər həlak olmuş, 1705 nəfər yaralanmışdır.
Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyəti açıqlanmış, bu hadisələrə siyasi-hüquqi qiymət verilmişdir. Bununla yanaşı, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıbdır və olmayacaqdır” fikrini dəfələrlə irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərti ilə münaqişənin ədalətli şəkildə həll olunacağına olan ümidləri daha da artırmışdır.
Mühazirədə xüsusi qeyd edilmişdir ki, biz də həmişə olduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin apardığı bu siyasəti müdafiə edərək, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində keçirilən tədbirlərin coğrafiyasını genişləndiririk. Bununla yanaşı, bu kursların keçirilməsinin ideyası da məhz gənclərin maarifləndirilməsi və onların vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, eləcə də Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir.
Ermənistanın beynəlxalq aləmdə ifşa olunmasına nail olmaq üçün bütün qüvvələrimizi birləşdirərək bundan sonra da daha çox çalışmalı və Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycanın üçrəngli bayrağının Şuşada, Xankəndidə və işğal edilmiş digər torpaqlarımızda dalğalanmasına nail olmalıyıq.
İyunun 6-dək davam edəcək kursların hazırkı dinləyiciləri Azərbaycan Turizm İnstitutunun tələbələridir.
Kursların sonunda dinləyicilərə müvafiq sertifikatlar veriləcəkdir.
 

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır