AZƏRBAYCAN RESPUBLİKASI DAĞLIQ QARABAĞ BÖLGƏSİNİN AZƏRBAYCANLI İCMASI AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI

AzərTAc (11.06.2014) - Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün Qarabağ həqiqətləri ilə bağlı növbəti qısamüddətli kurslar başa çatmışdır

+ -

Bakı, 11 iyun (AzərTAc). İyunun 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə növbəti qısamüddətli kurslara yekun vurulmuşdur.
AzərTAc xəbər verir ki, kursların budəfəki dinləyiciləri Azərbaycan Turizm İnstitutunun tələbələri olmuşlar.
Kursların sonuncu günündə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, DİA-nın dosenti Elçin Əhmədov “Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri” mövzusunda mühazirə oxumuşdur. O, Ermənistanın işğalçılıq siyasətindən geniş danışaraq bildirmişdir ki, erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və nəhayət, 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalmışlar.
XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin xaricdəki himayədarlarının köməyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürmüşlər.
Bütün dövrlərdə olduğu kimi ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti də kütləvi qırğınlarla müşayiət olunmuşdur. 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20.000 nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfərdən çox soydaşımız yaralanmış, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyəti açıqlanmış, bu hadisələrə siyasi-hüquqi qiymət verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıbdır və olmayacaqdır” fikrini dəfələrlə irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərti ilə münaqişənin ədalətli şəkildə həll olunacağına olan ümidləri daha artırmışdır.
Mühazirəçi demişdir ki, biz həmişə olduğu kimi, bu gün də Prezident İlham Əliyevin apardığı bu siyasəti müdafiə edərək, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində keçirilən tədbirlərin coğrafiyasını genişləndiririk. Bununla yanaşı, bu kursların keçirilməsinin ideyası da məhz gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir.
Mayın 26-dan başlayan kurslarda AMEA Tarix İnstitutunun professoru, tarix elmləri doktoru Kərim Şükürov “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, AMEA Tarix İnstitutunun Qarabağ şöbəsinin böyük elmi işçisi Nazim Mustafa “XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)”, AMEA Şərqşünaslıq İnstitutunun professoru, tarix elmləri doktoru Solmaz Tohidi-Rüstəmova “Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları (1918-1923-cü illər)”, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov “Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti. Xocalı soyqırımı”, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin üzvü, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov “Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti. Qaradağlı soyqırımı” mövzularda proqram üzrə mühazirələr oxumuşlar.
Kursların sonunda dinləyicilərə müvafiq sertifikatlar təqdim edilmişdir. 

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır